Azərbaycan Xalça Muzeyinin direktoru beynəlxalq münsiflər heyətinə üzv seçilib
Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova avqust ayının 15-22 - də YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, Mərkəzi Asiyanın Sənətkarlığa dəstək Assosiasiyasının yaradıcısı Dinara Çoçunbayevanın dəvəti ilə Özbəkistan Respublikasının Buxara şəhərində keçirilən Ümumdünya Sənətkarlıq Şurasının (WWC) Keyfiyyət nişanının təqdimat mərasimində iştirak edib. Tədbirdə Şirin Məlikova beynəlxalq münsiflər heyətinə üzv seçilib. Münsiflər heyətində, həmçinin Dinara Çoçunbayeva (Qırğızıstan), Edrik Onq (Malayziya), Aycan Bekkulova (Qazaxıstan) təmsil olunublar.
Sözügedən beynəlxalq tədbir haqqında danışan Şirin Məlikova bildirib ki, Ümumdünya Sənətkarlıq Şurasının (WWC) Keyfiyyət nişanına sahib olmaq üçün Mərkəzi Asiya ölkələri sənətkarlarının 100-dən artıq məmulatı təqdim olunub. “Bu mükafat yalnız ciddi seçim turundan keçmiş məmulatlara verilir. Onların arasında süzəni və güləbətin tikmələr, metal, keramik, ağac və lak məmulatları, zinət əşyaları, keçə nümunələri, ənənəvi geyim və eyni zamanda, ənənəvi texnikada işlənmiş müəllif aksessuarlar və geyimlər vardı. Ümumilikdə. 46 ədəd məmulata keyfiyyət nişanı verilib” - deyə muzeyin direktoru vurğulayıb.
Şirin Məlikovanın dediyinə görə, Orta Asiya ölkələrində el sənətlərinə ciddi bir maraq yaranıb. “Orta Asiyanın bütün ölkələrində qədim el sənətlərinə yenidən böyük maraq oyanır. Bu sənətlərə böyükdən kiçiyədək hər bir ailə üzvünü cəlb edirlər. Bu cəfakeş insanların əvəzsiz işi sayəsində yüzlərlə və minlərlə ailə özünü maddi cəhətdən təmin edir, bununla yanaşı, ölkənin iqtisadiyyatı inkişaf edir. Digər bir tərəfdən isə bu, onların ölkələrinin mədəniyyətinin dünyada tanınmasını təşviq edir” – deyə Şirin Məlikova qeyd edib.
Qeyd edək ki, keyfiyyət nişanı qazanmış sənətkarlar öz məmulatlarını yalnız ölkə daxilində deyil, həmçinin xaricdə də satmaq imkanını qazanırlar.
Şirin Məlikova səfər çərçivəsində bir sıra görüşlər də keçirib. O, Buxarada güləbətin tikmə fabrikini ziyarət edərək işin həcmi, istifadə olunan materiallar, tikmə texnikaları ilə tanış olub. Məlumat verilib ki, fabrikdə 40 tikməçi qadın işləyir. Bununla yanaşı, fabrik evdə işləyən qadınlarla da əməkdaşlıq edir. Ağır məxmər kimi parçalar əsasən Almaniyadan alınır. Ən böyük sifarişlər isə Rusiya və Qərbi Avropa ölkələri üçün hazırlanır.
Səfər zamanı Şirin Məlikova Özbəkistanın Gijduvan keramika məktəbinin görkəmli nümayəndəsi Abdullo Nazrullayevin Buxara yaxınlığındakı emalatxanasını ziyarət edib. Nəsillər boyunca Nazrullayevlər ailəsi bu sənət növü ilə məşğul olur. Hal-hazırda emalatxana nəzdində məmulatların çeşidindən ibarət qalereya və qədim keramika nümunələrinin toplandığı muzey fəaliyyət göstərir. Şirin Məlikova sözügedən müəssisənin gələcəkdə Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlığı çərçivəsində keramika və tikmə sənətinə həsr olunmuş birgə sərginin təşkilinin mümkünlüyünü bildirib.
Şirin Məlikova Səmərqənddə “Səmərqənd Buxara ipək xalçaları” adlı xalça fabrikinin müdiri Abdulaxad Badgisi ilə də görüşüb. Fabrikin müdiri iş metodları, personalın seçimi, boyama və toxuculuq üzrə tədris proqramları haqqında ətraflı məlumat verib. Şirin Məlikova müəssisənin kolleksiyasında olan Azərbaycan xalçaları ilə tanış olub.