Azərbaycan Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub
Hər il respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində ənənəvi olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və kütləvi maarifləndirmə tədbirləri təşkil olunur. Bu məqsədlə Azərbaycan Xalça Muzeyinin və YAP Səbail rayon şöbəsinin birgə təşəbbüsü ilə konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd “21 sentyabr Beynəlxalq Sülh günü” barədə gənc nəslin maarifləndirilməsindən ibarət idi.
Tədbirdə YAP Səbail rayon şöbəsinin aparatının rəhbəri Zəfər Bayramov BMT tərəfindən “21 sentyabr Beynəlxalq Sülh günü”nün təsis edilməsi barədə məlumat verib və bu günün əhəmiyyətindən danışıb.
Azərbaycan Xalça Muzeyinin Şuşa filialının (İşğal edilmiş ərazilər) müdiri Əlisəfa Nuriyev çıxış edərək, “21 sentyabr Beynəlxalq Sülh günü” çərçivəsində milli mədəniyyətimizin dünyada sülhə töhfəsindən söz açıb. Əlisəfa Nuriyev istər ölkəmiz, istərsə də dünya ölkələri və xalqları üçün sülhün olduqca əhəmiyyətli olduğunu qeyd edib. Çıxış zamanı müxtəlif ölkələrin ictimai-siyasi xadimlərinin portretləri əks olunmuş xalçaların foto təsvirləri nümayiş etdirilib.
Konfransın sonunda tədbir iştirakçıları Azərbaycan Xalça Muzeyinin foyesində Uşaq Muzeyi şöbəsinin təşkil etdiyi “Dünyaya sülh” mövzusunda uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Azərbaycan Dövlət Televiziya və Radiosu Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xorunun ifası təqdim olunub.
Tədbirin sonunda Azərbaycan Xalça Muzeyinin qarşısında sülhün simvolu olan ağ göyərçinlər və rəngli şarlar uşaqlar tərəfindən səmaya uçurulub.