“Dekorativ sənət və interyer” adlı konfrans
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransını keçiriləcək. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muzeylər Şurası (ICOM), Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST) tərəfindən təşkil olunur. Konfrans Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata” şirkətinin dəstəyi ilə keçiriləcək.
Konfransın açılış mərasimi 10 oktyabr tarixində Azərbaycan Xalça Muzeyində baş tutacaq. Konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edəcək. ICOM-un prezidenti Suay Aksoy və ICOM Avropa Alyansının prezidenti Luis Raposo konfransın mötəbər qonaqları sırasındadırlar. Bu ICOM-un prezidenti Suay Aksoyun Azərbaycana ilk səfəridir.
Ölkəmizi konfransda Azərbaycanın aparıcı muzey mütəxəssisləri təmsil edəcək. Tədbir zamanı YUNESKO-nun dəstəyi ilə Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2016-2017-ci illər üzrə İştirak Proqramı çərçivəsində nəşr olunan Şirin Y. Məlikovanın müəllifi olduğu “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bədii tikmələr” adlı kitabın təqdimatı keçiriləcək.
Qonaqlara maraqlı mədəniyyət proqramı təklif ediləcək. Azərbaycan Xalça Muzeyi ilə yanaşı, onlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu, Heydər Əliyev Mərkəzini, Azərbaycan Milli İncəsənət Muzeyini, Milli Azərbaycan Tarixi Muzeyini, Bülbül, Qara Qarayev, Nəriman Nərimanov və Nobel qardaşlarının ev-muzeylərini, CHELEBI şirkətini və Bakı Marionet Teatrını ziyarət edəcəklər.