Bakıda ICOM-un konfransı keçirilir
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki bölümü – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransı keçirilir.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muzeylər Şurası (ICOM), Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST) tərəfindən təşkil olunur. Konfrans Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata” şirkətinin dəstəyi ilə keçirilir.
Konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edir. ICOM-un prezidenti Suay Aksoy konfransın fəxri qonaqları sırasındadır. Bu ICOM-un prezidenti Suay Aksoyun Azərbaycana ilk səfəridir.
Konfransın təmtəraqlı açılış mərasimi 10 oktyabr tarixində Azərbaycan Xalça Muzeyində baş tutdu. Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Y. Məlikova, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, ICOM-un prezidenti Suay Aksoy, ICDAD-ın prezidenti Helen Kenigsmarkova və DEMHIST-in prezidenti Elza Rodrigez qonaqları öz çıxışlarında toplaşanlar qarşısında təbrik nitqi ilə çıxış etdilər.
Konfrans çərçivəsində bir sıra görkəmli yerli və xarici alimlərin də iştirak etdiyi akademik sessiyalar keçirildi. Azərbaycan evlərinin klassik interyer bəzəyi, interyerdə tekstilin rolu, müasir dünyada dekorativ sənət muzeylərinin əhəmiyyətindən bəhs edildiyi məruzələr təqdim olundu.
Həmin gün YUNESKO-nun dəstəyi ilə üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2016-2017-ci illər üzrə İştirak Proqramı çərçivəsində nəşr olunan Şirin Y. Məlikovanın “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bədii tikmələr” adlı kitabının təqdimatı keçirildi.
Sessiyalardan sonra qonaqlar Azərbaycan Xalça Muzeyinin kolleksiyası ilə tanış olmuş, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət etmiş və Bakı Marionet Teatrında “Arşın mal alan” tamaşasına baxmışlar.