Bakı şəhərində “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək
Cari ilin oktyabr ayında Bakı şəhərində “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək. Simpoziumun təşkilatçıları – YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС) və Bakı Yunus Emre İnstitutunun dəstəyi ilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyidir. Bakıda 22 ölkədən sənətşünaslar, rəssamlar, moda sənayesi xadimləri toplanacaqlar.
Simpozium çərçivəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə keçə məhsullarından ibarət əl işləri yarmarkası təşkil olunacaq.Burada müxtəlif ölkələrdən bu sənət üzrə 12 məşhur sənətkar iştirak edəcəkdir.Onların sırasında Acap Bayriyeva (Türkmənistan), Aycan Bekkulova və Elmira Akpanova (Qazaxıstan), İrina Arsenyeva və Yuliya Orlova (Rusiya), Xarm Xarms (Hollandiya) var. Yarmarkada Azərbaycanı Zarina Əsədova, Günel Hüseynova, Yuliya Nalçabasmaz, Olqa Abbasova və İrina Denisova, həmçinin "Özelim" brendinin sahibi Məhbubə Məmmədova təmsil edəcək.
Yarmarkada keçədən hazırlanmış dəbli libasları, müxtəlif baş geyimləri və eyni materialdan zərif ayaqqabıları,eləcə də keçədən hazırlanmış çoxsaylı aksessuarlar - çantalar və mobil telefon qabları, şallar və şarflar, sancaqlar, muncuqlar və boyunbağıları görə və əldə edə bilərsiniz.Bununla yanaşı, sözsüz ki, keçədən yumşaq oyuncaqlar və müəllif kuklaları da olacaq.
Yarmarka 25-27 oktyabr tarixlərində saat 10.00-dan 17.00-dək İçərişəhərdə – Kiçik Qala küçəsindəki Dördbucaqlı qala meydanında (Sabir bağının arxası) üç gün davam edəcəkdir.Hər kəsi yarmarkada iştiraka, və keçə və fetrdən unikal müəllif məmulatlarını əldə etməyə dəvət edirik.