Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi dünya şöhrətli keçə ustalarının master-klasslarını təşkil edəcək.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi 25-27 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu çərçivəsində konfransda iştirak edəcək dünya şöhrətli keçə ustalarının master-klasslarını təşkil edəcək.
Keçədən dəbli və gözəl aksessuarların öz əllərinizlə hazırlanma qaydasını öyrənmək istəyirsiniz?
Sizi parça üzərində müxtəlif üsullardan istifadə edərək keçə məmulatlarının hazırlanması üzrə master-klasslarda iştirak etməyə dəvət edirik.
Yerlərin sayı ˗ hər bir ustad dərs üçün 8 nəfər.
Qeydiyyat üçün facebook mizə və ya əlaqə nömrəyə müraciyyət edin: (012) 497-20-57
“Osmanlı” türk keçə texnikası üzrə ustad dərs
Rəhbərlər - Mehmet və Teresa Girgiç
25-26 oktyabr (iki gün, saat 9:30-da)
“Osmanlı” texnikası parça (bir qayda olaraq ipək parça) üzərinə keçə ornamentinin tətbiqindən ibarətdir. Bu üzəri mürəkkəb, fakturalı səthli məmulatlar yaratmağa imkan yaradır. Bu halda məmulatın rəngi bəzək elemeti olaraq vurğulanmır, yalnız "bərabər şərtlərlə" fakturasını tamamlayır. Mehmet və Teresa Girgiç tərəfindən hazırlanan əsərlərin əsasında çox zaman Böyük İpək Yolunun ənənəvi tikmələrinə rast gəlinir. Ustad dərsində məhz onların yaradıcılığına xas olan bu növ işlər(əsərlər) hazırlanacaq.
“Kiyiz” keçə qırğız texnikası üzrə ustad dərs
Rəhbərlər - Ayday Asanqulova və Nurcamal Asanqulova
27 oktyabr (10:00-da)
Qonaqlara “BUKON” dizayn studiyasının keçə emalının üsulu nümayiş olunacaq. Rəssam-dizayner Ayday Asanqulovanın başçılıq etdiyi bu studiya gənc rəssam və tələbələri birləşdirir. Studiyanın vəzifələrindən biri, keçəçilərin beynəlxalq səviyyədə peşəkar və yaradıcı inkişafını təşviq etməkdir. Studiya ənənəvi qırğız texnikası olan “kiyiz”-ın ipək, yun və pambıq kimi materiallarla işləyərək, yeni səviyyəyə yüksəlməsinə nail olub. Master-klass zamanı ipək üzərində keçədən şərf hazırlanacaq.
Nano-keçə üzrə ustad dərs
Rəhbər - Selçuk Gürışık
27 oktyabr (10:00-da)
Selçuk Gürışık Böyük Britaniyanın, ABŞ və Türkiyədənin müxtəlif universitetlərində mühazirələr oxuyur, həmçinin, əsərlərində ənənəvi Anadolu keçəsinin tətqiqi nəzəriyyəsi və təcrübəsini birləşdirərək, dəbli aksessuarların tərtibatçısı və istehsalçısı kimi tanınır. Selçuk & Ali brendi altında o, və onun iş ortağı Ali Alev təbii xammaldan - yun, ipək və kəşmirdən istifadə edirək nano-keçə (parça üzərində keçə) istehsal edirlər. Master-klass zamanı Selçuk Gürışık keçə emal üsullarını paylaşacaq.