25-27 oktyabr tarixlərində Bakıda "Keçə sənətində kəsişmə nöqtələri" mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” Simpoziumu keçiriləcək.
Üç gün davam edəcək simpozium konfrans, tematik sərgilər, ustad dərsləri, moda nümayişi və satış yarmarkasından ibarət olacaq. Bu tədbirə 22 ölkədən 83 iştirakçı qatılacaq. Konfrans Azərbaycan, ingilis, rus və türk dillərində keçiriləcək.
Təşkilatçılar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyidir. Bu tədbirin keçirilməsində maliyyə dəstəyini YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu, və Yunus Əmrə İnstitutunun Bakı filialı göstərir. Media dəstəyini AMEA Mərkəzi Elmi Kitabxana, Day.az, trend.az, milli.az, Azernews xəbər portalları, “Felt Fashion” (Rusiya), “Carpet Collector” (Almaniya) və “FiltzFun” (Almaniya) jurnalları göstərir.
Simpozium çərçivəsində keçə sənəti nümunələrindən ibarət “Ənənəvi keçə sənəti” və “Keçə müasir incəsənətdə” sərgiləri təşkil olunacaq. Hər iki sərgidə Azərbaycanlı ustalarla yanaşı, türk, rus, qırğız, macar, isveç, amerikalı sənətkarların da əl işləri təqdim olunacaq.
Simpozium çərçivəsində keçə sənətində dünyaca məşhur türk və qırğız üstalarının ustad dərsləri təşkil olunacaq.
Bunlarla yanaşı, “Four Seasons Baku” otelində keçə sənətinin müasir modada tətbiq olunmasını əks etdirən moda nümayişi keçiriləcək. Burada Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan və Qazaxıstandan gələn modelyerlər öz kolleksiyalarında keçə sənətindən bəhrələnərək bu texnikada hazırladıqları libasları təqdim edəcəklər.
Nəhayət, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ‒ Bazar meydanında keçə sənət nümunələrindən ibarət üç günlük satış-yarmarkanın keçirilməsi nəzərdə tutulub.