Azərbaycan Xalça Muzeyində “Aran Qarabağın inciləri” adlı anım tədbiri
Oktyabrın 30-da Azərbaycan Xalça Muzeyində Xocavənd, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının işğalı günlərinə həsr olunmuş “Aran Qarabağın inciləri” adlı anım tədbiri olub. Tədbir diqqəti Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun ermənilər tərəfindən işğalı nəticəsində baş vermiş soyqırım və talan edilmiş mədəni irsə yönəltmək və gənc nəslin maarifləndirilməsi məqsədi ilə keçirilib.
Muzeyin Şuşa filialının müdiri Əlisəfa Nuriyev Azərbaycan tarixinin kədərli səhifələrindən sayılan Xocavənd, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının işğalının anım günlərindən söz açaraq, Azərbaycan Respublikasının inzibati ərazilərinin ermənilər tərəfindən işğalından danışıb və Dağlıq Qarabağın Xocavənd rayonu barədə məlumat verib.
Azərbaycan Xalça Muzeyinin Şuşa filialının elmi işçiləri Aytən Məhərrəmova və Leyla Quliyeva işğal altında olan Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarına aid statistik göstəricilər və tarixi faktlar barədə çıxış ediblər.
Tədbirin davam etdiyi müddət ərzində mövzuya aid slayd və video materiallar təqdim edilib.