Azərbaycan Xalça Muzeyində “Azərbaycanın milli mədəni irsi və YUNESKO”, “Lətif Kərimov – sənətə həsr olunmuş həyat” adlı tədbir keçirilib
Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində "Azərbaycan xalça" sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına salındığı tarixə və Xalq rəssamı, professor Lətif Kərimovun ad gününə həsr olunmuş “Azərbaycanın milli mədəni irsi və YUNESKO”, “Lətif Kərimov – Sənətə həsr olunmuş həyat” adlı tədbir keçirilib. Azərbaycan Xalça Muzeyinin əməkdaşları 16 noyabr Xalq rəssamı, professor L.Kərimovun doğum günü münasibətilə Fəxri Xiyabanda onun məzarüstü abidəsini və Ulu Öndər Heydər Əliyevin məzarüstü kompleksini ziyarət ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Xalça Muzeyinin Şuşa filialının müdiri Əlisəfa Nuriyev bildirib ki, bəşəri sənətlər içərisində özünəməxsusluğu ilə seçilən və xalqımızı dünyada şərəflə tərənnüm edən sənətlərdən biri də xalça sənətidir. Azərbaycan xalçası və xalça sənəti 2010-cu il 15-19 noyabr tarixlərində Keniya Respublikasının Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan Respublikasının birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və səyi ilə YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. “Xalqımızın yaratdığı sənət incilərinin UNESCO-nun xəttilə təbliğ edilməsi milli dəyərlərimizdən qaynaqlanan və pozitiv xüsusiyyətlərimizi əks etdirən müsbət imicimizi formalaşdırır, beynəlxalq miqyasda bizə dəyər qazandırır. Bütün bunlar dövlətimizin mədəniyyətimizə verdiyi dəyəri ifadə etməklə yanaşı, həm də dünya miqyasında milli mədəni maraqlarımızı əks etdirən bəşəri məqsədlərə xidmət edir və milli-mənəvi dəyərlərimizin dünyaya inteqrasiyasına geniş yol açır” – deyə Ə. Nuriyev vurğulayıb.
Muzeyinin Şuşa filialının müdiri bildirib ki, bu gün doğum günü qeyd edilən, çoxşaxəli fəaliyyəti və fenomenal xüsusiyyətləri ilə müasirlərindən seçilən Lətif Kərimov milli xalçaçılıq sənətinə və ümumilikdə bütün bəşəriyyətə töhfə etdiyi əsrarəngiz xalça əsərləri və çox dəyərli elmi araşdırmaları ilə məşhurdur. O, yorulmaz fəaliyyəti və zəngin yaradıcılığı ilə Azərbaycan dekorativ-tətbiqi sənəti sahəsində yeni cığırlar açmış, xalça sənətinin incəliklərini öyrənərək və təməlini qoyduğu elmi əsaslarla təsdiqləyərək, özündən sonrakı nəsillərə miras saxlamışdır. Lətif Kərimov bir müddət Azərbaycan radiosunun Fars bölməsində diktor kimi çalışsa da, daim yaradıcılıqla məşğul olmuşdur. O, uzun illər “Azərxalçaittifaq” müəssisəsində Bədii Yaradıcılıq qrupuna rəhbərlik etmiş və müəssisədə milli naxışlara mənsub xalçalarla yanaşı, həm də çoxsaylı yeni süjetli və portret xalçaların yaradılmasının təşəbbüskarı və əsas müəllifi olmuşdur. İlmələrin sehrində yetişmiş sənətkar bu illərdə bir-birinin ardınca xalça naxışlarından istifadə edərək, yüksək professionallıqla yaradıcılığındakı hiss və duyğularını rəng çalarları və sirli-sehirli ilmələr vasitəsilə canlandırmışdır. 1967-ci ildən etibarən fəaliyyətdə olan və dünyada analoqu olmayan Azərbaycan Xalça Muzeyi də məhz bu sənət fatehinin təşəbbüsü ilə yaradılmışdır.
Tədbirdə sənətkarın ailə üzvü A. Səfərov, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Sənətşunaslıq üzrə Elmlər Doktoru, Professor K. Əliyeva, dahi sənətkarın tələbələri, Xalq rəssamları - A. Hüseynov və E. Mikayılzadə Lətif Kərimovla bağlı xatirələrini söyləyiblər və bu tədbirin xalqımızın yaratdığı sənət incilərinin UNESCO-nun xəttilə təbliğ edilməsi və görkəmli xalq rəssamının tətbiqi sənət sahəsindəki yorulmaz fəaliyyəti və zəngin
çeşidli yaradıcılığı barədə məlumatların geniş kütləyə, xüsusilə də gənc nəslə hədəfləndiyini qeyd ediblər.
Tədbirdə Lətif Kərimov haqqında lentə alınmış qısa telefilm nümayiş edilib, Azərbaycan Milli Konservatoriyasının dosenti, əməkdar artist A. Şuşalı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xor Kopellasının artisti M. Cabbarovanın ifasında və Xəzər Universitetinin professoru Z. Sadıqovanın müşayiəti ilə musiqi çələngi təqdim olunub. Tədbirin sonunda muzeyin ekspozisiyasında Lətif Kərimova həsr olunmuş guşə tədbir iştirakçıları tərəfindən ziyarət edilib.