Azərbaycan Xalça Muzeyi görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulmuş “Tarixə və ənənəyə toxunuş” layihəsinə start verir
Azərbaycan Xalça Muzeyinin növbəti beynəlxalq sərgi layihəsi olan “Tarixə və ənənəyə toxunuş” ekspozisiyası görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulmuş və ölkəmizin muzey işi tarixində yeni səhifə olacaqdır. Təqdim olunan sərgi Azərbaycanda bu sahədə ilk sosial layihədir.
2019-cu ilin fevral ayı ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Azersun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə “Tarixə və ənənəyə toxunuş” Azərbaycan-Türkiyə birgə sərgi layihəsini təqdim olunur. Bu layihə ASAN Radionu media, ASAN Könüllülük Məktəbi və British Council-ın dəstəyi ilə keçiriləcək.
Onun əsasını Türkiyənin GEA Arama Kurtarma Ekoloji ve İnsani Yardım ictimai təşkilatının səyyar sərgisi təşkil edir. Bu sərgi Türkiyə və digər ölkələrdə böyük uğurla nümayiş etdirilmişdir.
Ekspozisiyanın əsasını 15 əşya təşkil edir. Bura dünya muzeylərinin məşhur eksponatlarının surətləri: gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri daxildir. Azərbaycan Xalça Muzeyi öz növbəsində sözügedən layihəni “Ənənəvi texnologiya” şöbəsinin toxucuları tərəfindən xüsusi olaraq bu sərgi üçün hazırladıqları xalça nümunələri ilə tamamlayacaqdır. Onlar arasında xovlu xalçalarla yanaşı, xovsuz xalçaların palas, kilim, şəddə, zili və s. kimi növlərini görmək mümkündür. Hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil (toxunma) üsulla duya biləcəklər. Bundan əlavə, bütün eksponatlara xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar əlavə olunacaqdır. Həmin audioyazı və materiallar Azərbaycan və ingilis dillərində təqdim ediləcək.
Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün xovlu və xovsuz xalçaların toxunması və makrame üzrə ustad dərsləri təşkil olunacaq.
Sözügedən layihə ölkəmizdə bu istiqamətdə reallaşacaq pilot layihədir. Yaxın aylar ərzində eksponatların bu metodla nümayişi Azərbaycan Xalça Muzeyinin sərgi fəaliyyətində geniş şəkildə tətbiq olunacaq.