BE MUSEUMER Cənubi Qafqaz muzey işçilərinin peşəkarlığını artıracaq

BE MUSEUMER layihəsi Cənubi Qafqaz regionunda muzey sahəsində inkişafın təşviq edilməsini və muzey işçiləri üçün nəzərdə tutulmuş Beynəlxalq Təlim Proqramının (ITP) yaradılmasını hədəfləyir. Creative Europe tərəfindən maliyyələşdirilən layihənin məqsədi XXI əsrdə muzeylərin qarşısında duran məsələləri həll etmək üçün iştirakçıların liderlik və idarəetmə bacarıqlarını gücləndirməkdir.
BE MUSEUMER Gürcüstan Muzey Assosiasiyası (GMA) tərəfindən Network of European Museum Organisations (NEMO) – Avropa Muzey Təşkilatları şəbəkəsi (Almaniya) və Mədəniyyət İdarəetmə Akademiyası (Hollandiya) ilə birgə təşkil olunan layihədir. Layihə üç il ərzində müvafiq mövzularda on dörd treninq və yeddi veb-seminarların keçirilməsini nəzərdə tutur. Treninqlər yalnız Cənubi Qafqaz muzey işçiləri üçün, veb-seminarlar isə geniş kütlə üçün nəzərdə tutulub.
BE MUSEUMER-in ITP layihəsi çərçivəsində muzey təhsili ilə bağlı ilk treninq 27 fevral – 1 mart 2019-cu il tarixlərində keçirildi. Emilia-Romanya bölgəsindəki Istituto Beni Culturali layihəsinin rəhbəri və NEMO İcra Şurasının üzvü Marqarita Sani treninq zamanı 20 iştirakçı ilə Avropada muzey təhsilinin inkişaf perspektivlərini paylaşdı. O, qeyri-rəsmi təhsilin rolu və funksiyaları, davamlı təhsil prinsipi və ictimaiyyətin cəlb olunmasından bəhs etdi.
ICOM Azərbaycan Milli Komitəsinin birgə əməkdaşlığı ilə keçirilən ilk treninqdə ölkəmizi Firəhnaz Musayeva (Azərbaycan Xalça Muzeyi) və Emin Dadaşov (Milli Azərbaycan Tarixi Muzeyi) təmsil etdilər.