Məclisi üns – xan qızının qonaqları
Qədim tarixə malik olan Novruz Bayramı ərəfəsində – 15 mart 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində görkəmli şairə Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş “Məclisi üns – xan qızının qonaqları” adlı musiqili ədəbi-bədii tədbir keçirilib.
Azərbaycan Xalça Muzeyinin Şuşa filialının müdiri Əlisəfa Nuriyev görkəmli şairə Xurşidbanu Natəvanın həyat və yaradıcılığı və Novruz bayramı haqqında söz açdı. Bu tədbirin Novruz Bayramı ərəfəsində keçirilməsi şairə xanımın zəngin yaradıcılığının təbliği ilə yanaşı, həm də adət-ənənələrlə dolu günlər barədə məlumatların geniş kütləyə çatdırılmasına xidmət edir. Tarix boyu bu bayram bütün azərbaycanlılar tərəfindən təntənə ilə qeyd edilir. Azərbaycanımızın döyünən ürəyi Qarabağda da insanlar çərşənbələrə və nəhayət, Novruz bayramına təmtəraqla hazırlaşardılar. Qarabağın incisi sayılan gözəl diyarımız Şuşada dünyaya göz açmış və XIX əsrdə yaşayıb-yaratmış Azərbaycanın görkəmli şairəsi xan qızı Xurşidbanu Natəvan xalqın bayrama hazırlığına xüsusi diqqət yetirər, çərşənbələr və Novruz Bayramı boyunca şeir və musiqi ilə təravətlənən məclislər təşkil edilərdi.
Tədbirdə X.Natəvan haqqında “Azərtelefilm”in çəkdiyi film nümayiş edilib. Sonra Azərbaycan Xalça Muzeyinin əməkdaşları tərəfindən təşkil edilmiş “Məclisi-üns”də bu bayramla bağlı milli adət-ənənələrimiz səhnələşdirilmişdir. Tədbirdə Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Azad Şükürovun rəhbərliyi ilə universitetin tələbələri şairənin əsərlərindən ibarət proqramla çıxış etmişlər.
Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz Bayramı YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrsiüzrə Reprezentativ Siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.