“Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” sərgisi

“Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” sərgisini təqdim edir.

11 aprel - 12 may 2019

Vernisaj: 10 aprel, 19:00

Moskva, Nikitinski bulvarı, ev 12-a

Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Xalça Muzeyi “Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” sərgisini təqdim edirlər.

Nikitinski Bulvarındakı zallarda Azərbaycan Xalça Muzeyi və Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyasından 100-dən artıq dekorativ-tətbiqi sənət nümunəsi sərgilənəcəkdir.

Ekspozisiya XIX-XX əsrin əvvəlləri Azərbaycan evlərinin interyer xüsusiyyətlərindən, əsasən də xalça və tekstilin məkana verdiyi harmoniya, mükəmməl gözəllikdən bəhs edəcək. Xalça və tikmələrin, geyim, mis qablar, zərgərlik əşyalarının kompozisiya həlli və ornamentləri özündə əsrlər boyunca formalaşan yaşayış mühitinin estetikasını daşıyır, vahid, xarakterik milli üsluba şahidlik edir.

Sərginin qonaqları Azərbaycan Xalça Muzeyinin zəngin kolleksiyasından toy mərasimi ilə bağlı əşyalar, ənənəvi cehizin ayrılmaz elementləri, tikmələrin müxtəlif tip və növləri – dekorativ panno, taxçaqabağı, lambreken, örtük, süfrədən tutmuş, hər növ futlyar, aksessuar və qarderob əşyalarına kimi nümunələri görə biləcəklər. Onlar arasında qurama, təkəlduz və pilək tikmə növlərini özündə birləşdirən XIX əsrin sonlarına aid taxça qabağı, XIX əsrə aid valehedici mürəkkəb naxışlı buxarı qabağını, XIX-XX əsrin əvvəllərinə aid güləbətin tikməli bığbağıları qeyd etmək olar. Bütöv bir vitrin kəlağayının hazırlanmasında istifadə edilən atribut və alətlərə həsr olunacaq.

Ekspozisiyanın xüsusi hissəsini dini inamlarla bağlı namazlıq xalçalarından tutmuş ənənəvi qoruyucu kimi əşyalar təşkil edir. Bütünlüklə örtmə və güləbətin tikmə ilə bəzədilmiş XIX əsrə aid namazlıq xalça, dekorunun əksər hissəsini dini yazılar təşkil edən 1913-cü ilə aid panno, həmçinin güləbətin tikməli möhürqabılar qeyri-adi görünüşə malikdirlər.

Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyasından zərgərlik əşyaları, incə ornamentlə bəzədilmiş mis səhənglər, camlar, məcməyilər təqdim olunacaq. Burada xüsusi yeri “səfir” süfrələri tutur. Onlar ona görə belə adlanırdı ki, bu süfrələri əcnəbi səfirlərin şərəfinə saray qəbulları zamanı istifadə edir və həm diplomatlara, həm də xarici qonaqlara xüsusi dəbdəbə əşyası kimi hədiyyə verirdilər. Ekspozisiyanın ən əhəmiyyətli eksponatı XIX əsrə aid Qarabağın “Bəhmənli” xalçasıdır. 1918-ci ildə Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi kolleksiyasının yaranması da məhz bu xalçadan başlamışdır.

“Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” sərgisi tamaşaçılara Azərbaycan xalqının qədim mədəniyyəti, bu gözəl ölkənin dekorativ-tətbiqi sənət ustaları tərəfindən tərənnüm edilən harmoniya və gözəllik haqqında bəhs edəcək.

Sərginin təşkilatçıları – Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Xalça Muzeyidir.

Sərginin kuratorları: Şirin Məlikova, Mariya Filatova

Akkreditasiya: Nataliya Borisova, 8-495-690-05-23, press@orientmuseum.ru

Fotoşəkillər:https://www.dropbox.com/sh/6tqfj3rxfydry4p/AADfSVBvX-4aw_sJHurUUiyKa?dl=0