Moskva Dövlət Universitetində muzeyin direktorunun mühazirəsi

Cari ilin 11 aprel tarixində Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın Moskva Dövlət Universitetində “Tarix” fakültəsinin və S.Q. Stroqanov adına Moskva Dövlət Bədii-Sənaye Akademiyasının tələbələri üçün “Azərbaycan xalçası: tarix və müasirlik” adlı mühazirə keçirilmişdir. Mühazirə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin “Tarix” fakültəsinin “Слово лидеру” lektoriyası çərçivəsində baş tutmuşdur. Tədbir Rusiyanın “Vestnik Kavkaza” analitik-informasiya agentliyi və Moskva Dövlət Universitetinin “Tarix” fakultəsinin “Diasporlar tarixi” laboratoriyası tərəfindən təşkil olunmuşdur.
 
Mühazirədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin “Humanitar proqramlar” şöbəsinin müdiri Tamilla Əhmədova, Rusiya Federasiyasının Azərbaycandakı sabiq səfirinin xanımı Olqa Doroxina və digər qonaqlar iştirak etmişlər. Moskva Dövlət Universiteti “Yaxın xaric ölkələrinin tarixi” kafedrasının nümayəndəsi Oksana Solopova Şirin Məlikovaya universitetin sertifikatının təqdim etmişdir.
 
Muzeyin direktoru Şirin Məlikova öz çıxışında qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş uzunmüddətli layihənin ilk mühazirəsi MDU-da  Azərbaycan tarixini öyrənən tələbələr, həmçinin ölkəmizin tarixi və mədəniyyəti ilə maraqlanan insanlar arasında Azərbaycan, onun mədəniyyəti və adət-ənənələri haqqında biliklərin daha da genişləndirilməsi məqsədi daşıyır”.