Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində Azərbaycan Xalça Muzeyin direktoru mühazirə ilə çıxış etdi
Cari ilin 13 aprel tarixində Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova “Ənənəvi Azərbaycan interyerində tekstilin rolu” adlı mühazirə ilə çıxış etmişdir. Mühazirə bu günlərdə Şərq Xalqları İncəsənəti Muzeyində keçirilən “Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” sərgisi çərçivəsində baş tutmuşdur.
Mühazirədə müxtəlif muzeylərin əməkdaşları, o cümlədən muzeyin direktoru Aleksandr Sedov başda olmaqla Şərq Xalqları İncəsənəti Muzeyinin bir sıra işçiləri iştirak etdilər. Mühazirəyə giriş sərbəst olduğundan muzey ziyarətçiləri, həmçinin incəsənət yönümlü təhsil ocaqlarının tələbələri, sənətsevərlər və kolleksiyaçılar burada iştirak edə bilərdilər. Çıxışının sonunda Şirin Məlikova Azərbaycan tekstili və rəhbərlik etdiyi muzeyin tikmə və xalça kolleksiyaları haqqında sualları cavablandırdı.
Şirin Məlikova öz çıxışında qeyd etdi ki, “Açılış mərasimində Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin insanlarla dolu zallarını, tamaşaçıların, çoxsaylı mətbuatın diqqətini, mühazirələrdə incəsənətə, dekorativ-tətbiqi sənətin tarixinə böyük maraq göstərən sənətşünas, rəssam, jurnalistləri görmək olduqca xoş idi”. “Ölkəmiz, çox sevdiyim mədəniyyətimiz, istedadlı insanlarımız haqqında danışmaq mənim üçün böyük xoşbəxtlikdir. Bütün bunların qarşılığını görmək, verilən sualları cavablandırmaq, incəsənətimizin ilhamlandırdığını eşitmək və dinləyicilərin əlavə informasiya toplamaq istəyinin şahidi olmaq sevindiricidir. Mədəniyyət – ölkələri, xalqları, müxtəlif sivilizasiyaları birləşdirən ən güclü körpüdür”.