XALÇA VƏ ONU YARADANLARIN BAYRAMI
Dünya mədəniyyətinin zirvələrindən biri sayılan Azərbaycan xalçaları dünya muzeyləri və kolleksiyalarında qorunub saxlanılır. Ölkə rəhbərliyi mədəniyyət və iqtisadiyyatın önəmli sahəsi olan bu sənətə daimi qayğı göstərir. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyləri nəticəsində 10 noyabr 2010-cu il tarixində Azərbaycan xalça sənəti YUNESCO-nun Qeyri-Maddi Mədəni Irsi üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Azərbaycan xalçaçılığın inkişafı məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan xalça sənətinin qorunması və inkişafı haqqında” qanun qəbul edilmiş, xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı təsdiq olunmuş və 5 may - “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalanmışdır.
Bu bayramla bağlı 03 may 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində Lətif Kərimovun eskizi əsasında muzey toxucuları tərəfindən toxunmuş “Xeyir və şər” xalçasının təntənəli kəsim mərasimi keçirildi.
---
Xalçanın yaranması əqli, yaradıcı və fiziki güc tələb edən uzunmüddətli prosesdir. Burada rəssam və toxucuların əməyi birləşir və hər iki yaradıcının fəaliyyəti yerli xalçaçılığın qədim, çoxəsrlik ənənələrinə söykənir. Çünki varislik ənənələrinə əməl etmədikdə bədii və texniki kanonların geniş bazasını qoruyub saxlamaq mümkün deyil. Yalnız onların vəhdəti nəticəsində “Azərbaycan xalçası” adlı möcüzə yaranır.
Xalçaçı günü ərəfəsində Azərbaycan Xalça Muzeyinin ənənəvi texnologiyalar şöbəsinin bir neçə əməkdaşı ilə sizi yaxından tanış etmək istərdik. Bu əməkdaşların əksəriyyəti xalçaçılıq ənənələrini bu gün də məişətdə yaşadan İsmayıllı rayonundandır. Onlar sayəsində muzey yalnız bu sahənin ən böyük nailiyyətinin saxlanc yeri deyil, eyni zamanda ölkəmizin xalçaçılıq sənətinin öyrənilməsi və tanıdılması mərkəzidir.
---
Günay Əhmədova
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, Azərbaycan Rəssamlar İttifaqının üzvü və Bakıda keçirilən bir çox sərginin iştirakçısı olan xalçaçı-rəssam Günay Əhmədova Azərbaycan Xalça Muzeyinin ənənəvi texnologiyalar şöbəsinin müdiridir. Millimetrlik kağızda işlədiyi eskizlərdən əlavə, gənc və perspektivli mütəxəssis Günay Əhmədova şüşə üzərində rəsm texnikasında ornamental kompozisiyalar yaradır.
---
Zemfira İsmayılova
Artıq 21 ildir ki, Azərbaycan Xalça Muzeyində çalışan Zemfira İsmayılova Azərbaycan Ali tətbiqi elmlər kollecinin xalçaçılıq fakultəsini bitirib.
O, öz eskizlərini hazırlayarkən konkret layihədən asılı olaraq, hər hansı bir xalçaçılıq məktəbinin ənənələrinə söykənsə də, əslən Lahıcdan olduğuna görə Quba-Şirvan qrupuna daha çox üstünlük verir.
---
Zəhra Əliyeva
Təbii ki, xalça sənətinə tam yiyələnməyən xalçaçı-rəssam lazımi bacarığı əldə edə bilməz . Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Zəhra Quliyeva bir çox gələcək xalçaçı-rəssamın istedadını cilalayan əvəzsiz insandır. Azərbaycan Xalça Muzeyinin xalça üzrə baş bərpaçı-rəssamı olan Zəhra xanım xalça yaratmaqla yanaşı bu sənətin ənənələrini tədqiq etməklə məşğuldur. Xovlu və xovsuz toxunuşun bütün texnikalarını bilən Zəhra Əliyeva bildiklərini bir sıra muzey toxucularına da öyrədib. Həmçinin o, artıq uzun illərdir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istehsalat şöbəsində çalışır və xalçaçılıq bölməsinin tələblərinə bu sənətin əsaslarını öyrədir.
Zəhra Əliyeva Azərbaycan xalça sənətinin əsas fiqurlarından biridir. Dövlətimiz bu cür mütəxəssislərə xüsusi dəstək göstərir: belə ki, Heydər Əliyev Fondu bu məşhur toxucunun ürək əməliyyatında maliyyə dəstəyi göstərmişdir.
---
Şəkər Ələsgərova
Zəhra Əliyevanın tələbəsi olan və bu sahədə geniş təcrübəsi olan Şəkər Ələsgərova artıq səkkiz ildir ki, Azərbaycan Xalça Muzeyində çalışır və muzeyin ən təcrübəli toxucularındandır. Toxuculuqla kifayətlənməyən Şəkər xanım, həmçinin yorulmadan bu sənətin ənənəvi metodlarını öyrənməyə davam edir. Məhz o, xovsuz xalçaların müxtəlif növlərinin toxunma texnikasındakı fərqləri tədqiq edərək, bu ilin fevral ayında muzeydə baş tutmuş və görmə qabiliyyəti məhdud olan insanlara yönəlmiş, xalça məmulatlarının taktil qavrayışını nəzərdə tutan “Tarixə və ənənəyə toxunuş” layihəsi üçün eksponatlar işləyib hazırlamışdır.
---
Rəna Süleymanova
Bu toxucunun xidmət siyahısı böyük maraq doğurur: fəaliyyətinə 1981-ci ildə “Azərxalça” birliyində başlayan Rəna xanım 30 il burada çalışır. Onun sonrakı əmək yolu isə artıq Azərbaycan Xalça Muzeyi ilə bağlıdır. Rəna Süleymanova 2000-ci ildə Almaniyada keçirilən sənaye sərgisində Azərbaycan nümayəndə heyətinin tərkibində olmuşdur, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları zamanı Atletlər kəndində xana arxasında xalça toxumağı ilə xarici idmançılarda Azərbaycan xalçasına qarşı böyük maraq yaradıb. Çalışdığı illər ərzində Rəna xanım bir sıra tələbə də yetişdirmişdir ki, onlar arasında xarici vətəndaşlar da vardır.
---
Gülxar Soltanova
İsmayıllı rayonunda dünyaya göz açmış Gülxar Soltanova, müasir dövrdə də rayonunun əksər qızları kimi artıq 12 yaşından bəri qadınlarla birgə xana arxasında inamla əyləşirdi. Ailə qurduqdan sonra paytaxta köçən Gülxar xanım uzun illər Bakının özəl sexlərində çalışıb, 2012-ci ildən etibarən isə fəaliyyətini Azərbaycan Xalça Muzeyində uğurla davam etdirir. “Xeyir və şər” xalçasını Lətif Kərimovun eskizi əsasında məhz Gülxar Soltanova toxuyub.