İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi keçirildi
Sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi keçirildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində baş tutan sərginin açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış etdi.
Nazir Əbülfəs Qarayev bildirdi ki, 1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin YUNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi: “Son illərdə də şairin şəxsiyyəti, yaradıcılığı həm ölkəmizdə, həm də beynəlxalq arenada layiq olduğu yüksək dəyəri alır, dünya ictimaiyyətinə tanıdılır. Belə ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ilin may ayında Parisdə, YUNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olunub. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfə Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı keçirilib”.
Mədəniyyət naziri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamının və II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının böyük mütəfəkkirin irsinin dərindən tədqiqinə şərait yaratdığını diqqətə çatdırdı. Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünasların, filosofların, rəssamların, şair və alimlərin, musiqi, rəqs, teatr qruplarının iştirakının Nəsiminin fikir və düşüncələrinin dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin təbliği baxımından da mühüm əhəmiyyət kəsb etdiyini dedi: “Festival çərçivəsində keçirilən Beynəlxalq xalça eskizi müsabiqəsi və Mədəniyyət Nazirliyinin “SÖZ” layihəsinin gənc şairlər arasında elan etdiyi ən yaxşı poetik əsər müsabiqəsi də Nəsimi poeziyası, onun fəlsəfi ideyalarının ayrı-ayrı incəsənət növləri vasitəsilə tərənnümü baxımından əhəmiyyətlidir. Belə müsabiqələr Nəsiminin ədəbi-mədəni irsinin öyrənilməsi ilə yanaşı, gənc istedadların üzə çıxarılmasına, cəmiyyətə təqdim olunmasına xidmət edir”.
Sonra Beynəlxalq xalça eskizi müsabiqəsinin, həmçinin Mədəniyyət Nazirliyinin “SÖZ” layihəsi çərçivəsində elan edilən ən yaxşı poetik əsər müsabiqəsinin qaliblərinə diplomlar təqdim edildi.
Beynəlxalq xalça eskizi müsabiqəsinin nəticələrinə əsasən Fatimə Axundzadənin “Nəsim yeli” eskizi I yerə, Ruhəngiz Bağırovanın “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” adlı işi II yerə, Sürəyya Dadaşovanın “Göz yaşı” əsəri isə III yerə layiq görülüb. Ən yaxşı poetik əsər müsabiqəsinin qalibləri isə Orxan Behbid, Zaur Rəxşan, Sahib Məmmədov, Gülbala Dadaş, Tərlan Sadiq, Saleh Səbat, Adil Əkbər, Elsər Qədri, Nicat Nəsri, Səlim Nəsirli olub.
Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova ölkəmizdə qədim tarixə malik xalçaçılıq sənətinin hazırda daha da inkişaf etdirildiyini, Heydər Əliyev Fondunun bu sahəyə böyük diqqət və dəstək göstərdiyini vurğuladı. Şirin xanım Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkil etdiyi müsabiqəyə Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya, İran və Albaniyadan yaşı 20-dən yuxarı 35 nəfər yaradıcı şəxsin qatıldığını dedi. Təqdim edilən 51 xalça eskizindən 3-ünün qalib seçildiyini bildirdi: “Qeyd edim ki, I və II yerin sahibləri münsiflər heyəti tərəfindən müəyyənləşib. III yerə layiq görülən əsər isə muzeyin facebook səhifəsində açıq səsvermə nəticəsində, münsiflər heyətinin həmin yerə layiq gördüyü 7 eskiz arasından seçilib. Hər üç qalib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələridir”.
Ş.Məlikova çıxışının sonunda təşkilatçılara, müsabiqə iştirakçılarına və sərgiyə gələnlərə minnətdarlıq etdi.
Qeyd edək ki, Beynəlxalq xalça eskizi müsabiqəsinin münsiflər heyətində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, dosent Emin Məmmədov, Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının koordinatoru, YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması sahəsində milli eksperti, Əməkdar mədəniyyət işçisi Cahangir Səlimxanov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Xalq rəssamı Eldar Mikayılzadə və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Əməkdar mədəniyyət işçisi Məmmədhüseyn Hüseynov təmsil olunub.
Sərgidə müsabiqədə qalib olan eskizlər əsasında Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin işçilərinin toxuduğu xalçalar tədbir iştirakçılarının önündə kəsildi, adət-ənənəyə uyğun şəkildə təqdim edildi. Həmin xalçaların toxunma prosesini əks etdirən video-çarx nümayiş olundu. Tədbirdə, eyni zamanda, müsabiqəyə təqdim olunmuş eskizlər, Xalq rəssamı Eldar Mikayılzadənin 650 illik yubiley münasibətilə İmadəddin Nəsiminin yaşadığı dövrün tarixini, mədəniyyətini, ənənələrini və s. öyrənərək, etnoqrafik detalları nəzərə alaraq yaratdığı “Nəsimi” xalçası sərgiləndi.