Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyi birgə “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” sərgisini təqdim edir
Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyi birgə “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” sərgisini təqdim edir.
Sərginin əsas mövzusu Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyalarından 1920-1970-ci illərə aid Sovetlər dönəmi motivli xalça və tikmələrdir. Ekspozisiya tarixi kataklizmlərin dekorativ-tətbiqi sənətə təsirindən bəhs edəcək.
Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin (Bakı) kolleksiyasından 1920-1970-ci illərdə toxunan xalçalar, Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin (Moskva) kolleksiyasından 1920-1930-cu illərə aid xalça, inqilab mövzusunda tikmələr və eskizlər, “Mərcani” Fondunun (Moskva) kolleksiyasından plakatlar da daxil olmaqla ümumilikdə 40 eksponat nümayiş olunacaq. İlk dəfə olaraq Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin təşviqat tekstili kolleksiyası bütövlükdə sərgilənəcək.
Nümayiş olunan bütün əsərlər həmin dövrlərdə siyasi təşviqat məqsədilə istifadə edilən materiallardır. Hazırda isə bu sənət nümunələri o dövrdəki anlamlarını itirərək, sadəcə həmin dövrün xalça və tikmə sənətində əksi kimi nümayiş olunur. Şübhəsiz ki, inqilabi hadisələr və o dövrün sovet reallıqları ilə bağlı süjetlərə siyasi plakatlar güclü təsir göstərmişdir. Həmçinin XX əsrdə Azərbaycanda geniş yayılmış şərq miniatür sənəti, namazlıq xalçaları, Qacarlar dövrü incəsənəti, o cümlədən kitab qrafikası və teatr afişalarının da müxtəlif təsirləri yan keçməmişdir.
Təşviqat obrazları Azərbaycanın əsrlərlə qorunan klassik xalça və tikmələrinə xas ornament və kolorit əsasında yaradılırdı. Xalça ustaları gözəl xalça nümunələri yaradarkən eksperiment kimi onlar üçün yeni olan obraz və ifadə formalarını istifadə etməkdən çəkinmirdilər. Eyni zamanda, onlar ənənəvi xalçaların istehsalını da davam etdirirdirlər.
Sərginin açılışı üçün Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi tərəfindən eyniadlı kataloq hazırlanacaq.
Sərginin kuratorları: Şirin Məlikova (Azərbaycan Milli Xalça Muzeyi), Mariya Filatova, Vera Myasina (Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi).
5 fevral – 1 mart, 2020-ci il
Vernisaj: 4 fevral, saat 18:00
Moskva, Nikitski bulvarı, ev 12-a