“Zənginləşən xəzinəmiz”
Koronovirusun yayılması təhlükəsi səbəbindən muzeylərdə bütün kütləvi tədbirlər dayandırılıb. Ancaq Azərbaycan Milli Xalça Muzeyi “Zənginləşən xəzinəmiz” adlı sərgini təxirə salmadı, onu VİRTUAL olaraq açdı! Texnoloji tərəqqi və virtual reallıq əsrində Azərbaycan Milli Xalça Muzeyi dünya şəbəkəsinin yeni, ucsuz-bucaqsız yeniliklərini mənimsəyir. Azərbaycanda ilk dəfə olaraq martın 5-də, saat 12:00-da açılış onlayn şəkildə keçirildi və hər kəsin sərgini real vaxt rejimində evlərindən və ya ofislərindən çıxmadan, dünyanın istənilən nöqtəsindən virtual ziyarət etmək şansı oldu.
Onlayn açılışı Azərbaycan Milli Xalça Muzeyinin facebook səhifəsindən, youtube kanalından izləyə, eyni zamanda muzeyə gələrək sərgiyə tamaşa edə bilərsiniz.
Qeyd edək ki, 26 mart tarixinədək davam edəcək “Zənginləşən xəzinəmiz” adlı sərgidə 2017-ci ildən bu günədək kolleksiyaların zənginləşdirilməsi məqsədi ilə əldə olunan tarixi, bədii, elmi əhəmiyyət daşıyan xovlu və xovsuz xalçalar, xalça məmulatları, zərgərlik nümunələri və geyimlər təqdim edilir. Muzeyə yeni daxil olan bu əşyalar müxtəlif təşkilat və şəxslər tərəfindən hədiyyə edilib və ya dövlət büdcəsindən ayrılan vəsait hesabına özəl kolleksiyalardan və məşhur hərrac evlərindən satınalma yolu ilə əldə olunub.
Sərgidə diqqəti cəlb edən qiymətli eksponatlardan biri muzeyin tarixində ilk dəfə məşhur Sotheby hərrac evindən əldə edilən zərgərlik nümunəsi – qadın asma bəzəkləridir. Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan bu asma bəzəklər XIX əsrə aiddir. Bu bəzək əşyaları öz üslub xüsusiyyətlərinə görə muzeyin “Zərgərlik” kolleksiyasında yer alan eksponatlar arasında yeganə nümunələrdir.
Azərbaycan Milli Xalça Muzeyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində yerli və xarici vətəndaşlar öz şəxsi kolleksiyalarında yer alan Azərbaycan xalçalarını muzeyə hədiyyə etməyə başlayıblar. Sevindirici haldır ki, Amerika vətəndaşları Hillari-Düma Cons və Cey Cons tərəfindən muzeyə hədiyyə olunan Quba xalçaçılıq mərkəzinin ən məşhur komposiziyalarından biri olan “Qonaqkənd” xalçası da sərgidə nümayiş olunur. Kolleksiyaçılar tərəfindən bədii, elmi əhəmiyyət kəsb edən əşyaların təmannasız olaraq muzeyə bağışlanması onların bu mədəniyyət ocağına özləri qədər böyük etibar etdiklərinin göstəricisidir.
Muzeyimiz dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilat və fiziki şəxslərlə, o cümlədən Heydər Əliyev Fondu, Dövlət Gömrük Komitəsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və s. ilə sıx əməkdaşlıq edir. Bu təşkilatlar tərəfindən hədiyyə edilən əşyalar öz kompozisiyası, texnikası, rəng harmoniyası və ornamentlərinin zərifliyi ilə seçilərək muzeyin ekspozisiyasında layiqli yerlərini tutub.
Qeyd edək ki, son üç ildə kolleksiyalarımıza ümumilikdə 68 ədəd əşya daxil edilib və onlardan bəzilərinin təqdimat mərasimi artıq keçirilib. Hazırkı sərgidə nümayiş olunan 21 ədəd eksponat isə ilk dəfə ictimaiyyətə təqdim olundu.
Sərginin açılışında həmçinin muzey tərəfindən hazırlanan “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri” adlı kitabın təqdimatı da keçirildi. Kitabda kolleksiyanın yaranma tarixi, burada qorunan müxtəlif çeşidli qadın və kişi zərgərlik nümunələri, bu sənətdə istifadə edilən ənənəvi texnikalar və Azərbaycanın tanınmış zərgərləri haqqında müfəssəl məlumatlar yer alıb. Kitabın geniş oxucu kütləsinə çatdırılması məqsədi ilə mətnlər Azərbaycan, ingilis və rus dillərində verilib.