Azərbaycan Milli Xalça Muzeyi bütün yaş qruplarına aid uşaqlar üçün daim yeni layihələr, proqramlar həyata keçirir, maraqlı​ tədbirlər,​ festivallar​ təşkil​ edir.

Azərbaycan Milli Xalça Muzeyi bütün yaş qruplarına aid uşaqlar üçün daim yeni layihələr, proqramlar həyata keçirir, maraqlı​ tədbirlər,​ festivallar​ təşkil​ edir. Bunun üçün muzeyin Uşaq şöbəsi təhsil müəssisələri, müxtəlif uşaq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurur. Nəticədə uşaqlar muzeyin ekspozisiyası ilə tanış olur, dekorativ-tətbiqi sənət üzrə bir günlük və ya aylıq ustad dərslərə qatılır, xalça toxumağı, tikmə sənətini, rəsm çəkməyi, dekorativ oyuncaqlar düzəltməyi öyrənir, kukla tamaşaları izləyir, nağıllar dinləyirlər. Bütün bunlar uşaqlarda estetik zövq aşılayır, xalqımızın milli dəyərləri, çoxəsrlik ənənələri, həyat tərzi ilə bağlı təsəvvür yaradır, onların muzeylərə marağını artırır, mənəvi inkişafına müsbət təsir edir.
Milli geyimlərimizin tikilməsi və təbliği məqsədilə həyata keçirilən, “Nənəmin sandığından yaranmış Fashion Show”​ təhsil proqramı da Azərbaycan Milli Xalça Muzeyinin belə maraqlı, önəmli layihələrindən biridir.
Qeyd edək ki, martın 1-dən iyunun 1-dək davam edən proqrama​ 10-18 yaş arası uşaqlar​ qatıldı. 3 ay müddətində muzeyin Uşaq şöbəsinin mütəxəssisləri tərəfindən uşaqlara milli geyimlərimiz, onların tarixi,​ tikmə sənəti və onun növləri, eskizlərin işlənməsi, parçalardan​ istifadə qaydaları, məmulatın tikilmə üslubu haqqında nəzəri və praktik dərslər keçildi.​
İyunun 11-də Azərbaycan Milli Xalça Muzeyində bu təhsil proqramını uğurla başa çatdıran 9 uşağa​ sertifikatlar təqdim olundu, onların​ əl işlərindən – 14 geyim nümunəsindən ibarət moda nümayişi keçirildi.